Gədəbəy SƏYAHƏT YERİ

Gədəbəyə heyran olmamaq mümkün deyil. Heyrətamiz təbiəti, əzəmətli dağları, saysız-hesabsız mineral bulaqları, dadlı mətbəxı, ən əsası qonaqpərvər insanları ilə məşhurdur. Gədəbəy zəngin mədəni irsi ilə yanaşı, füsunkar təbiəti ilə də turistlər üçün cəlbedici məkandır.


29 Mar / 11:41 AM CARİ VAXT

  • Azərbaycan
  • Gədəbəy
  • 100400 nəfər
  • 1230.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Gədəbəy | View on map

Azərbaycanın dilbər guşələrindən olan rayon Bakıdan 440 km məsafədə, Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir.

Gədəbəy rayonu misilsiz turizm potensialına malikdir. Bura 26 adda mineral suların, 100-dən çox adda təbii müalicəvi bitkilərin, sıx meşə massivlərinin hakim olduğu bölgədir. Həmçinin rayon ərazisində 500-dən çox tarixi abidə, qala və qalaçalar qalmaqdadır.

Eramızdan əvvəl II-I minilliyə aid tunc-ilk dəmir dövrünə aid Söyüdlü kəndində yerləşən Böyük Qalaça, IX əsr ölkə əhəmiyyətli memarlıq abidəsi olan Qız Qalası, atəşpərəstlik dövrünün memarlıq nümunələri olan Mahrasa kompleksi, XVl əsr ölkə əhəmiyyətli memarlıq abidəsi- Koroğlu qalası, XlX əsrin 60-cı illərinə aid olan Simens körpüsü, Böyük Qaramurad kəndi ərazisində yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1634-cü il), Novosaratovka kəndində yerləşən yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1535-ci il) rayonun zəngin tarixini əks etdirir.
Ölkəmizin qərb bölgəsində Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Gədəbəy həmçinin əsrarəngiz təbiəti ilə məşhurdur. Yaşıl yaylaqlar, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqları buranı əvəzolunmaz edir.

Kəndləri tarixi abidələrə zəngindir. Sıldırım qayalığın zirvəsində, sərt yamacda inşa olunub “Koroğlu” və ya “Cavanşir qalası” rayon mərkəzindən 15 km aralıqda yerləşir. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən abidəyə yalnız piyada qalxmaq mümkündür. Qaladan maraqlı mənzərə açılır.  Buradan ətraf kəndlər ovuc içindəki kimi görünür. Hətta qaladan Gədəbəyin simvolu olan məşhur “Simens körpüsü”nə də tamaşa etmək mümkündür. Bu yer Zaqafqaziyada ilk dəmiryol xəttinin keçdiyi ərazi olub, hazırda dövlət tərəfindən tarixi tikili kimi qorunur.

Gədəbəyin zəngin tarixini özündə yaşadan daha bir məkan isə Böyük Qaramurad kəndidir. Məhz burada Qafqaz Albaniyasının aid 600 ilə yaxın yaşlı məbəd yerləşir. Gədəbəydə Qafqaz Albaniyasının tarixini yaşadan 10-a yaxın dini ibadətgahdan biridir.

Gədəbəyin mərkəzinə çox da uzaq olmayan ərazidə “Şırşıra” şəlaləsi yerləşir.10-12 metr yüksəklikdən axıb gələn şəlaləyə yalnız piyada qalxmaq mümkündür. Düzyurd çayının yaratdığı bu təbiət incisini Gədəbəyə yollananlar mütləq görməlidirlər. Düzyurd-Miskinli yaylağı rayonun maraqlı yerlərdəndir.