Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. Şəhər bəzi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlanıb.
Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr aralıda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olmuşdur.
Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib.
Tarixi qaynaqlara görə, Bərdə Qəbələ şəhərindən sonra Qafqaz Albaniyasının ikinci paytaxtı olmuşdur.
Qərb ilə Şərq və Şimal ilə Cənub ticarət yollarının üzərində yerləşən Bərdəni orta əsrlərdə Şərq ticarətinin əsas nöqtəsi adlandırırdılar. Qeyd etməliyik ki Bərdə şəhəri bir sıra səbəblərdən bir neçə dəfə öz yerini dəyişmişdir. Bunun bir səbəbi, Tərtər çayının coşğun selləri, digər səbəbi isə xarici basqınlar olmuşdur. Hazırda Bərdə şəhərində cəmi iki ədəd yerüstü abidə mövcuddur. Onlardan biri yerli əhali arasında Nüşabə qülləsi adlanan abidədir.
1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmiş Bərdə türbəsi. Hündürlüyü 12.5 m olan silindrik gövdə, konusvari gümbəzdən ibarətdir. Abidənin bütün səthi, üzərinə firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır. Hörgünün kərpic naxışlarında "Allah" sözü mütənasib təkrarlanır.