Şəhəri ərazisi Kiçik Qafqazın orta və yüksək dağlıq zonasındadır. Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən bəri mis filizi çıxarılır.
Burada iyul ayında havanın temperaturu +10 C-dən +20 C-dək, yanvar ayında isə -2 C-dən -10 C-təşkil edir.
Şəhər haqqında məlumat ilk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır. Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır.
XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. “Simens” şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.