Suptropik iqlimə malik bu yerləri dünyanın məşhur səyyahları dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə ediblər. Lerik həm də tarixi abidələr diyarıdır. Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim insan yaşayış məskənlərindən biri məhz Lerikdədir.
Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər.
Lerikdə xalq sənətkarlığının ağacişləmə və toxuculuq sahələri daha çox inkişaf edib. Şəhərə gəldiyiniz andan bunu hiss edəcəksiniz. Bu da Lerikdə meşə sərvətlərinin bolluğu və maldarlıq təsərrüfatının, əsasən də qoyunçuluğun geniş yayılması ilə əlaqədar olub.
Cənub bölgəsi üçün xas olan milli yeməklərimiz Lerik kulinariyasının da əsas hissəsini təşkil edir. Lerik əhalisinin həmçinin maraqlı folkloru, tamaşaları, rəqs və mahnıları vardır. Folklor nümunələri həm Azərbaycan, həm də talış dilində ifa olunur.