Tərtər rayonunun inzibati mərkəzidir. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Tarixən Tərtər şəhərinin yerində Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən karvansaray və qala olmuşdur. 1940-cı ildə şəhər statusu verilmiş və Mirbəşir adlandırılmışdır. 1991-ci ildə Tərtər tarixi adı bərpa edilmişdir.
1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıya alınmasının nəticələrinə görə, Azərbaycan SSR-in Cavanşir qəzasının Tərtərində 992 nəfər (210 təsərrüfat) yaşayırdı ki, burada əsas millət Azərbaycan türkləri (azərbaycanlılar) idi. 8 iyul 2022-ci ildə şəhərin 2038-ci ilə qədər inkişafının baş planı təsdiq edilmişdir.