Xaçmaz şəhərinin adı XVII əsr mənbələrdə çəkilir. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçkala dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirmişdir. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunmuşdur.