Əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, Avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin at üstündə abidələri Xaçmaz şəhərinə xüsusi gözəllik verir.
XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi.
Şəhərdə bir sıra tarix və mədəniyyət abidələri vardır. Burada qədim məskənlər və kurqanlar, insan məskənləri,məscidlər, məscid-mədrəsəsi qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində tikilmiş dəmir yol stansiyası və su qülləsi, H.Z.Tağıyevin tikdirdiyi Şollar su anbarı və su kəməri də maraq doğurur.
2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.