Kəlbəcər SƏYAHƏT YERİ

Bərəkətli torpağı və şəfalı suları ilə zəngin Kəlbəcər, tarixi əsrlərlə ölçülən insan məskəni və gözəllikləri diyarıdır.


20 Apr / 12:29 AM CARİ VAXT

  • Azərbaycan
  • Kəlbəcər
  • 77003 nəfər
  • 3050.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Kəlbəcər | View on map

Təbiətinin gözəlliyi ilə həmişə İsveçrəyə bənzədilən dünyaca məşhur müalicəvi “İstisu”-ya malik Kəlbəcər heyrətləndirici tarixə malik qədim yaşayış məskənidir.  Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustan qayaüstü yazılı və şəkilli təsvirlərinin oxşarıdır.

Kəlbəcərin gözəlliyinə laqeyd qalmaq mümkünsüzdür. Kəlbəcəri ilk dəfə görən hər kəs onun gözəlliyinə heyrətlənib. Qafqaz geologiyasının atası sayılan V. Abıx-in fikirləri orijinallığı və özünəməxsusluğu ilə seçilir. O, Kəlbəcər haqqında belə deyirdi: "Tərtər çayı boyunca əraziləri görməyən biri İsveçrənin gözəl olduğunu söyləyə bilər."

Kiçik Qafqaz dağlarında yerləşən Kəlbəcər Azərbaycanın ən yüksək dağ bölgəsi statusuna malikdir və Alban dövrünə aid bir çox tarixi abidələri ilə məşhurdur. Azərbaycanın qərbində, Tərtər çayı vadisində, Böyük Qafqaz dağlarında, dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə yerləşir. Kəlbəcərdə alban memarlığını və tarixini əks etdirən bir çox abidə var idi. Alban mədəniyyətinin ən möhtəşəm nümunəsi Xudavənd məbəd kompleksidir. Kompleks, VI-VII əsrlərdə Albaniya şahzadəsi tərəfindən inşa edilmiş və XV əsrdə Alban knyazlığının dini məbədinə çevrilmişdir.

Digər tarixi abidələr Kəlbəcər rayonunun Qalaboynu kəndindəki Qalaboynu qalası, Vəng kəndindəki Alban məbədi, Çarakdar kəndindəki Alban kilsəsi, Qanlikənd kəndindəki Lök qalası, Qaraçanlı kəndindəki Uluxan qalası, Lomard kəndindəki Lomard qalası,Tərtər çayı və Bulaniq çayı, qovşağında yerləşən Alban kilsəsi, Cəmişli kəndindəki Keşiçi qülləsi, Otağlı kəndindəki məscid, Soyuqbulaq kəndindəki Tərtər çayı üzərindəki Tağlıdaş körpüsüdür.

Gözəl təbiəti olan bölgənin çox hissəsi ağaclarla örtülüdür. Meşələrin ümumi sahəsi təqribən 30.000 hektardır. Kəlbəcər Azərbaycanın ən böyük bölgələrindən biri olmaqla yanaşı, həm də gözəl təbiəti və əlverişli relyefi ilə seçilir. 

Zəngin mədəniyyəti və heyrətamiz təbiəti qonaqlarda həmişə yaddaqalan təəssürat yaratmışdır. Bölgəni məşhur edən, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi balneoloji təsirlərə malik mineral yataqlarının olmasıdır. Bunlardan ən məşhuru İstisu mineral su bulağıdır. Dünya şöhrətli kimyaçılar zəngin tərkibinə görə İstisu mineral bulağını məşhur Çexiya Karlovy Vary mineral suyundan üstün olduğunu qeyd edirlər.

Kəlbəcər 28 illik işğaldan sonra 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda azad edildi, Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. Qanunsuz məskunlaşan erməni əhalisi bölgəni tərk edərkən Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirdi, evləri və meşələri yandırdılar. Ümumiyyətlə, Kəlbəcərin işğalı nəticəsində xalqımızın tarixi izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədi ilə ermənilər tərəfindən maddi-mədəni irs, memarlıq abidələri dağıtmış və talan edilmişdir.

Kəlbəcər, təbiəti, gözəlliyi və müalicəvi mineral bulaqlarına görə gələcəkdə turistlər üçün əsas seçim olacaqdır. Dağlıq ərazisi olan Kəlbəcərin ekoturizm, alpinizm və yürüyüş parkurları üçün böyük potensialı var.