Azərbaycana səyahət etmək üçün ən yaxşı vaxt
Azərbaycanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları da təqdim edir.
Ölkəyə səyahət etmək üçün münasib vaxtın olmadığını düşünməsəm də, tətilə çıxmaq istədiyinizi, nə vaxt getməli olduğunuzu müəyyənləşdirək.
Şərqlə Qərb mədəniyyətinin, memarlığının ən yaxşı nümunələrini özündə birləşdirən Azərbaycan coğrafi müxtəlifliyi, heyrətamiz təbiəti, fövqəladə gözəlliklər və qədim mədəniyyəti ilə çoxsaylı turistlərin diqqətini cəlb etməkdədir. Bu ölkəyə səfər edərkən tarixə səyahət, unikal təbiət hadisələri, müxtəlif əyləncə imkanları, şərab dequstasiyası və digər görüləcək işlər siyahısı ilə qarşılaşırsınız. Coğrafi mövqeyinə görə Azərbaycan Xəzər dənizinin qərb sahillərində yerləşir və ölkə ərazisində 9 iqlim tipi mövcuddur. Bu da ölkəyə bütün fəsillərdə səyahət zamanı cəlbedici və əlverişli şərait yaradır. Respublikanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları da təqdim edir. Azərbaycana səyahət etmək üçün münasib vaxtın olmadığını düşünməsəm də, tətilə çıxmaq istədiyinizi, nə vaxt getməli olduğunuzu müəyyənləşdirək. Beləliklə, Azərbaycana səyahət üçün ən yaxşı vaxt budur!
Yay ( iyun-avqust)
Yay ayları ölkəyə səfər etmək üçün ən uyğun vaxtdır. Ölkə ən yaxşı hava şəraitini yaşayır və səyahətçilər yaşıllıqlar arasında, təbiətdə dinəcəlməklə yanaşı, Xəzər dənizi çimərliklərindən də zövq almaq imkanı əldə edirlər. İyun ayından başlayaraq çimərlik sezonu açıq elan edilir və dənizdən həzz almaq üçün suyun tempraturu mükəmməl dərəcədə olur. Dəniz və çimərlik tətilini mükəmməl keçirmək istəyənlər Bakıda və Nabran sahillərində yerləşən yüksək xidmət səviyyəsinə malik otellərdə dincələ bilərlər Yay aylarında görəcəyiniz başqa bir iş Bakıdan 2-3 saatlıq məsafədə heyrətamiz təbiətə malik ən yaxın rayonlara səyahət etməkdir. Xüsusilə Quba-Şahdağ-Qusar və Lahıc bölgələrində bəzi kəndlərarası gəzintilər, həmçinin Zaqatalada qısa dağlıq yürüşləri etmək mümkündür. Alpinistlər üçün ən maraqlı imkanlar Şahdağ Milli Parkının payına düşür. Oradakı ən yüksək zirvələrə çıxış məhdud olsa da, gələcək illər fürsətlərlə dolu ola bilər. Şahdağın gözəl dağ mənzərələrini izləmək üçün atla gəzinti hər yaşda olan turistləri cəlbedici edəcəkdir. O cümlədən siz avgust ayında hər il Qəbələ şəhərində keçirilən beynəlxalq musiqi festivalında da iştirak edə bilərsiniz. Regionların təbiəti haqqında məkan bölməsində daha ətraflı məlumat əldə edə bilərsiniz.
Payız (sentyabr-noyabr)
Payız ayları hər yerdə olduğu kimi büdcəli səyahətçilər üçün ən yaxşı seçimdir. Hava şəraiti gəzinti üçün idealdır. Turlara qoşularaq regionlara səyahət edə və UNESCO mədəni irsi siyahısına daxil edilmiş İçərişəhərdə gəzə Bakı ətrafında yerləşən tarixi və mədəni abidələri ziyarət edə bilərsiniz. Bu abidələrə Qobustan Milli Qoruğu, Atəşgah, Yanardağ, Palçıq vulkanları daxildir. Payız aylarında da ölkə ərazisində çoxsaylı festivallar keçirilir. Bunlardan ən məşhuru hər il noyabr ayında Göyçay şəhərində keçirilən Nar festivalıdır.
Qış (dekabr-mart)
Dekabr-mart ayları qış idman növləri üçün səyahətə ən yaxşı vaxtdır. Azərbaycanın Qəbələ, Qusar regionlarında qış turizmi imkanları yaradılmışdır. Bu regionlarda dünya standartlarına cavab verən Şahdağ və Tufandağ kimi turizm kompleksləri mövcuddur. Təəccüblü deyil ki, bu yer qış turizm kompleksləri ölkənin ən mənzərəli guşələrində yer alıb. Təmiz dağ havası, dağ təbiəti və canlı fərqli mədəniyyətdən zövq alacaqsınız. Yerli iqlim bu aylarda xizək sürmək üçün mükəmməldir. Qışda havanın temperaturu tez-tez mənfi 20-22 dərəcə təşkil edir. Kompleksin ərazisində yardım xidməti, xizək məktəbi, rahat parkinq və ən gənc qış idman həvəskarları üçün xalça və kanat xəttləri mövcuddur. Bundan əlavə qış aylarında donmuş şəlalələrdə alpinistlərin dırmanma yarışları da keçirilir.
Bahar (mart-may)
Yaz ayları gəzinti üçün ilin əla vaxtıdır. Yaz aylarına Azərbaycanda bir çox festivallar və bayramlar təsadüf edir ki, onlardan ən önəmlisi Novruz bayramıdır. Yazın gəlişi və təbiətin oyanışını simvolizə edən bu bayram qədim tarixə malikdir və öz koloritliyi ilə seçilir. Təbiət və botanika bağları çoxsaylı və müxtəlif növ çiçəklərlə dolu olur. Qış aylarında keçilməsi çətin olan ərazilərə və qoruqlara turlar təşkil olunur. Bu ərazilərdən ən məşhurları Lahıc və Xınalıqdır. Öz unikallığı ilə fərqənən bu ərazilər yüksək dağlıq ərazidə yerləşdiyindən çox vaxt yollar qış aylarında qarla örtülü olur. Lahıc və Xınalıq təbiəti haqqında daha ətraflı məlumatı Məkanlar bölməsindən əldə edə bilərsiniz.
Nəticə
Azərbaycana səyahət etmək üçün yanlış vaxt yoxdur. Tətil vaxtını seçmək dağlarda xizək sürmək, təbiətdə gəzinti və ya çimərliklərdən birində istirahət etmək istəməyinizə bağlıdır. Hansı fəsli seçməyinizdən asılı olmayaraq ölkənin inanılmaz təbii ecazkarlığından zövq alacaqsınız!