Qubadlı SƏYAHƏT YERİ

Füsunkar təbiətə malik olan Qubadlının təbiəti kimi tarixi də zəngindir. Qubadlının tarixi, etnoqrafiyası və mədəniyyətinə aid qaynaqlarda bölgənin qədim türklərin yaşayış məskənlərindən olduğu göstərilir.


14 Dec / 05:33 AM CARİ VAXT

  • Azərbaycan
  • Qubadlı
  • 38614 nəfər
  • 802.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Qubadlı | View on map

IV əsrə aid Gavur dərəsindəki mağara-ibadətgah, Əliquluşağı kəndindəki Göy qala abidələri, XIV əsrə aid Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilərdəki iki türbə, XVII  əsrə aid Gürcülüdəki türbə, XVIII  aid Xocamsaxlı kəndindəki türbə bölgənin qədim və zəngin tarixindən xəbər verir. 

Rayonun ərazisindəki onlarla mağara bu yerlərin qədim insan məskənlərindən olduğunu təsdiqləyir: "Aşağı Mollu ilə Həmzəlidə 9, Əliquluuşağı kəndində qədim insan məskəni sayılan 5 kaha (mağara) işğala qədər durmaqda idi. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və başqa kəndlərdə də qədim yaşayış məskənləri vardı. "Gavur dərəsi" deyilən ərazidəki IV əsrə aid mağara da qədim insanların sadalanan sığınacaq yerinə çevrildiyi güman olunurdu. Qubadlının ərazisində tarixi keçmişi olan, mühafizə qalaları mövcud idi. Əliquluuşağındakı Göy qala (V əsr), Muradxanlıdakı "Qalalı", Xocamsaxlıdakı qalalar rayon işğal olunana qədər qorunub saxlanırdı".

İşğala qədər rayon ərazisində müxtəlif ağac növlərindən ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud olmuşdur. Qubadlı rayonunda nadir növlərdən ibarət olan 10-dan çox iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlının ərazisində öz dövrünün arxitekturasını qoruyub saxlamış müqəddəs məkanlar, ziyarət yerinə çevrilmiş türbələr də var idi. Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. 

Ərazisi maddi mədəniyyət və dini abidələrlə zəngin olan, tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalıb.  Tarixi, maddi-mədəni irsi ilə yanaşı 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq muzeyi də talan edilib.

Qubadlının gəzməli-görməli yerləri arasında XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar mövcud olmuşdur.