Astara SƏYAHƏT YERİ

Astara, Talış dağı meşələri, təmiz havası, axar çayları, özünəməxsus yeməkləri və qonaqpərvər camaatı ilə seçilən cənub bölgələrimizdəndir. 


14 Dec / 05:06 AM CARİ VAXT

  • Azərbaycan
  • Astara
  • 17 nəfər
  • 616.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Astara | View on map

Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, digər mineral və termal bulaqları ilə rayona turistlərin ən çox baş çəkdiyi yerlərdəndir.

Astara rayonu aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır.

 Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur.

 Astaranın ənənəvi çəltik sahələrində becərilən ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında rəğbət görür. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən "əl çörəyi", "ləvəngi" və onun müxtəlif növləri, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Hirkan milli parkının çox hissəsi Astara rayonundadır. Azərbaycanda ən çox yağıntı Lənkəran ovalığının cənubunda, Astara ərazisində müşahidə olunur. 

"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında yerləşir. Bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır. Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.

Qayalıqda yerləşən Sım kəndi  kəndi şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur. Sım kəndi Astaranın açıq səma altında təbiət muzeyi adlanır. Kəndə sehirli abu-hava qatan həm də mamırlı qayalar və ağaclardır. Kənddə Sım şəlaləsinin ətrafında piknik edə və ya samovar çayına qonaq ola bilərsiniz. Keçilməz və dar yollar, cığırlarla şəlaləyə getmək üçün isə yerli əhalinin təşkil etdiyi UAZ və Niva markalı avtomobillər yardımçınız olacaq. 
Bundan əlavə, Sım kəndi yolu üzərində yerləşən su anbarında mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndində digər maraqlı məkanlardan biri də Ağ Körpüdür. Burada çayın ortasında əyləşərək, yerli Astara çayının dadına baxmaq və təbiətdən həzz almaq olar. Yolboyu naringi bağları sizdə xoş təəssürat yaradacaq və mövsüm zamanı səfər edərsinizsə, bağlarda burada yetişən orqanik meyvələrdən də ala bilərsiniz. Bundan əlavə maşını saxlayaraq, dağın başından Xəzər dənizinə açılan nəfəskəsici mənzərəni izləmək də burada "mütləq edilməli"lər siyahısındadır.