Şabran SƏYAHƏT YERİ

Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Şabranın landşaftı müxtəlifliyi ilə cəlb eidr. Burada Xəzər dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Rayonun ərazisində həmçinin palçıq vulkanlarını görmək mümkündür.      


14 Dec / 04:19 AM CARİ VAXT

  • Azərbaycan
  • Şabran
  • 60200 nəfər
  • 1.09 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Şabran | View on map

Rayonun ərazisinin yarımsəhra landşaftı olmasına baxmayaraq, Gəndov ərazisində meşələrin olması burada gözəl təbiət mənzərələrin yaranmasına səbəb olub. Eləcə də, Xəzər dənizi sahilində qızıl qumluqların və dağlıq hissədə mineral bulaqların mövcudluğu turizmin inkişaf prespektivlərinə geniş imkanlar açır. Rayon ərazisində Qədim Şabran şəhəri və Çıraqqala abidələri ölkənin ümumdünya əhəmiyyətli nadir tarixi abidələrindəndir. 

“Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şivanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.  Qoruqda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxananın aşkara çıxarılması turistlərin diqqətini çəkən əsas məqamlardan biridir. 

Rayon mərkəzinin şimal girəcəyində Şabranın qədim tarixini özündə əks etdirən və maraqlı kompozisiyaya malik “Şabran”, “Çıraqqala” kompleksləri yaradılıb. Çıraqqala ölkəmizin III-V əsrlərdən günümüzə qədər gəlib çatan ümumdünya əhəmiyyətli nadir yerüstü abidələrindən biridir. Ümummilli lider Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli sərəncamı ilə “Çıraqqala” Tarixi Memarlıq Qoruğu elan olunub.

“Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Çıraqqala memarlıq baxımından nadir sənət incisidir. 

Çıraqqala təkcə tarixi abidə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə turistlər üçün cəlbedici məkan ola bilər. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Padar kəndindəki "Gülüstani – İrəm" və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Rayon mərkəzi Şabran şəhərində tarix-diyarşünaslıq muzeyi var. Burada el arasında «Keçi qayası» adlanan və gözəl mənzərəsi olan yer turistlər arasında çox məşhurdur. Burada sıx meşə və sıldırım qayalar arasından axan çay və müalicəvi əhəmiyyətə malik olan kükürdlü su bulaqları var. 

Məşhur Qalaaltı kurortu da Şabran rayonunun ərazisində, Böyük Qafqaz dağının ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında "Çıraqqala uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə qalxırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. 

Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. "Pirəbədil", "Qollu Çiçi", "Heyratı" tipli yerli xalçalar geniş şöhrət qazanmışdır.