Bakının tarixi

Qədim tarixə malik Bakı adına hələ miladdan qabaq yazılmış əsərlərdə rast gəlinir. Bu sənədlərdə əl quyuları ilə neft çıxarmaq, şoranlıq ərazilərdən duz istehsal etmək, zəfəran becərmək barədə qeydlər yer tapır. 


Yunan, ərəb, fars və Avropa səyyahları və alimləri Bakıdan dəvə karvanları ilə tuluqlarda neft daşınmasını öz əsərlərdə göstərmişlər. Bakı tarixən neft şəhəri kimi tanınıb, onu “qara qızıl” məskəni adlandırıblar. 

Şəhər əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət əlaqələru qurmuşdur. Bu əlaqə həm karvan yolları, həm də dəniz vasitəsilə olmuşdur.

Heç şübhəsiz ki, Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Şəhər hələ erkən və orta əsrlərdə neft hasilatı və emalının əsas mərkəzi kimi tanınırdı.

Xəzər dənizinin ən böyük liman şəhəri və müstəqil Azərbaycan Resublikasının paytaxtı Bakı, XVII əsrdə Bakı xanlığının paytaxtı, XIX  əsrdə Bakı əyalətinin inzibati mərkəzi, XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-in paytaxtı olmuşdur. Şəhər ərazisində tapılmış 5-7-ci əsrlərə aid Sasani dövrünə aid dəfinə buranın yaşayış məntəqəsi olduğunu göstərir.

Bakı haqqında ilk qeydə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" rast gəlinir. Bakı şəhərinin fiziki-coğrafi şəraiti mövqeyi, qədim İpək Yolu yolu üzərində yerləşməsi iqlim şəraiti və ən qədim zamanlardan yaşayış məskəninə çevirmişdir.

12 min il tarixi olan Abşeronda və Qobustanda daş üzərində yazmalar, arxeoloji tapıntılar Bakının qədim şəhər olmasına sübutdur. Tarixi qaynaqlara əsasən bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Orta əsrlərdə Şirvanşahlar dövlətinin, Səfəvilər dövlətinin, Osmanlı imperiyasının və Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Dünyada ilk mexaniki neft qurğusu 1847-ci ildə Bibi-Heybət ərazisində qazılmışdır. Həmin illərdə Bakının ətrafında yeni-yeni neft mədənlərinin istismara verilməsi ilə əlaqədar yeni evlər tikilmiş və küçələr salınmışdır. XIX əsrdə Bakı qısa müddət ərzində iri milyonçular şəhərinə çevrilmişdir.

Neft yataqlarının sənaye inkişafı Bakının kəskin böyüməsinə səbəb oldu və şəhər sürətlə böyüyən Avropa şəhərinin nümunəsinə çevrildi. Bakı xarici kapital cəlb etməyə başladı və Rotşildin, Nobel qardaşlarının və digər məşhur iş adamlarının ofisləri açıldı.

8 may 1883-cü ildə Bakı ilə Tiflis arasındakı dəmir yolu tamamlandı və istifadəyə verildi. Şəhər çox miqrantların gəldiyi bir məkana çevrildi. Neft bumu ilə şəhərin mədəni həyatı da çiçəkləndi. Bakı “Qafqazın Parisi” kimi tanındı.

1918-1920-ci illərdə Bakı bütün Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuşdur. 28 aprel 1920-ci ildə bolşeviklər Bakını işğal etdilər. Sovet dövründə Bakı Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı idi. II Dünya Müharibəsi dövründə şəhər SSRİ-nin hərbi aviasiya və zirehli texnikalarına yanacaq tədarükündə əsas strateji mərkəz kimi xidmət etmişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet əleyhinə iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ Müdafiə Nazirliyinin hərbi qüvvələri Bakı şəhərinə girdilər. Bu işğal, bu qüvvələri dayandırmağa çalışan qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla yerli əhali üçün qanlı bir qırğınla nəticələndi.

Bu gün, XX əsrin sonlarını əhatə edən sərt postsovet dövrünün iqtisadi və sosial böhranından qurtulduqdan sonra Bakı Cənubi Qafqazın ən böyük iqtisadi və mədəni mərkəzi kimi yenidən dirçəliş dövrünü keçir.

2012-ci ilin may ayında Bakıda 57-ci "Eurovision" mahnı müsabiqəsi keçirildi. 2015-ci ilin iyununda ilk dəfə Avropa Oyunları Bakıda keçirildi. 2016-cı ildən bəri Bakı Formula 1 yarışlarına ev sahibliyi edən dünyanın azsaylı şəhərlərindən biri oldu.

Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşən şəhərin, ərazisi 2200 kv km, əhalisinin sayı 2,2 milyona yaxındır. 

Hazırda Bakı şəhərində erməni işğalı nəticəsində işğal olunmuş rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.