COVID-19 və Qonaqpərvərlik Sənayesi

COVID-19 və Qonaqpərvərlik Sənayesi

Dünyanı cənginə alan COVİD-19 yayıldıqca dünya ölkələri, hakimiyyət, sahibkarlar, eləcə də sənaye müəssisələri əhalinin, işçi heyətinin və əməkdaşlarının təhlükəsizliyini ön plana çıxararaq diqqət mərkəzində saxlayır. Qəfil gəlişi ilə insanları fərqli yaşam tərzinə təhrik edərək, qapanmalarla mövcud vəziyyətə uyğunlaşmağa sürüklədi.


Qonaqpərvərlik sənayesinin pandemiya dövründə əldə etdiyi nəticələr

Hökumət tərəfindən qəbul edilən qərar əsasında kilidləmə səbəbi ilə əksər müəssisələrin qapılarının bağlanması, işsiz əhali kütləsinin kəskin artması, rifah halının aşağı düşməsi, dövlət və hakim qurumlar qarşısında mühüm vəzifə qoymushdu : bağlanan müəssisələrin yenidən açılmasını ən etibarlı, səmərəli və ən zəruri məqam olan təhlükəsiz qaydada təşkil etmək ən prioritet siyahıda idi. 

Mövcud dövlət və özəl müəssisələr kimi bu dönəmdə ən böyük zərbə və ziyanla qarşılaşan sənaye sahəsi turizm, səyahət və qonaqpərvərlik sənayesi oldu. Yalnız zəruri hallarda ölkə sərhədlərini tərk edən kütlə istisna olmaqla, insanları səfər etməkdən, asudə vaxtını səmərəli təşkil etməkdən, yeni məkanları tanımaq, kəşf etməkdən məhrum etmək sosial və psixoloji səbəblərdən əlavə, çox böyük iqtisadi ziyanla üzləşdirdi.

Cari vəziyyətdə “yaşam uğrunda mübarizə”dən sağ çıxmaq imkanlarından məhrum olan, səthi strategiyası və qısamüddətli fəaliyyət planı ilə biznesi idarə edən sahibkarlar çıxılmaz vəziyyətdə qaldığından iflas ilə üzləşdi. 

Qlobal pandemiyanın qonaqpərvərlik sənayesinə göstərdiyi təsirdən əldə edilən nəticədə sahibkarların və iş adamlarının hansı məqamlara və sahələrə diqqət ayırması müəyyən olundu. İnsanların idarə olunması, kadr təminatı və işçi qüvvəsinə təsirin ən minimum səviyyəyə endirilməsi, müstəqil, qeyri-şəbəkə və butik otellərin idarə olunmasındakı boşluqlar, böhran idarəolunması planı, texnologiyanın son imkanlarının tətbiqi ilə insan təmasının azalması, mobil tətbiqlər və elektron həllər vasitəsi ilə yerləşmə müəssisələri, hava nəqliyyatı və səyahət prosesində bir toxunuşla sorğuların icrasına zərurət özünü büruzə verdi. 

Pandemiya və ya qlobal böhran vəziyyətinə hazırlıq ümumi prinsiplər, xüsusi struktur, mexanizm və təxirəsalınmaz vəziyyətin idarə olunması əsasında qurulmalı  və hər hansı bir təhlükə ilə üzləşdiyi zaman tətbiq ediləcək halda olmalıdır. 

Şahidi olduğumuz vəziyyətdə üzləşdiyimiz məqamlarda şok effekti yaşayan təkcə sənaye deyil, həm sahibkarlar, eləcə də işçi heyəti oldu. Bu vəziyyətdə ağıllı və yerində addımların atılması, hər bir səviyyə üzrə ünsiyyətin düzgün aparılması və qeyri-müəyyənliyin aradan qaldırılması çox mühüm rol oynayır. Sirr deyil ki, sahibkar və ya rəhbər müxtəlif zaman kəsiyində bu və ya digər ölçüdə qərar qəbulu ilə üzləşir və bu zaman nəinki biznes, hətta işçi heyətinin gələcəyini müəyyənləşdirən mühüm qərar verilə bilər. Pandemiya qlobal xarakter daşıdığına görə hər bir işgüzar subyekti bu sınaqdan keçməyə məcbur etdi və çıxılmaz, gərgin, mürəkkəb vəziyyətlə üzləşdirdi və vəziyyətdən çıxmaq üçün ən yaxşı və ya düzgün sayılan yol movcud deyil. 

Qonaqpərvərlik sənayesinə vurulan zərbə həm daxili, həm də xarici turist axınının dayandırılması, sərhədlərin bağlanması ilə başlamış, sağlamlığın təhlükəsizliyinin təmin olunması səbəbindən xidmətlərdən faydalanmaq dondurulmuş və ya minimuma endirilmişdir. Yumşalma və ya yoluxanların sayının azlığı müşahidə olunan regionlarda qonaqpərvərlik sənayesində cüzi dirçəlmə müşahidə olunsa da, əksər regionlar və dövlətlər yeni yoluxma dalğasının yayılmaması, ölkə miqyasında səhiyyə və sağlamlığın təminatında çətinliklərlə qarşılaşdığına görə qadağaların müddətini uzatmış, sərhədlərdən keçid və ölkəyə girişi yalnız xüsusi istisna halları üçün açıq saxlamışdır. 

Pandemiya dövründə bu sənaye sahəsi hansı nəticəyə gəldi, nələr artıq ənənəvi haldan növbəti transformasiya pilləsinə qədəm qoyacaq? Xidmət, qonaqpərvərlik, səyahət, turizm sənayesi hansı yenilikləri, texnoloji innovasiyanı, insan resurslarının idarəolunmasındakı müdrik qaydaları tətbiq edəcək? Hansı məqamlar əvvəlki kimi olmayacaq və tarixi hadisə kimi xatırlanacaq?

Böhran dövründə çaxnaşma baş verir, qarışıqlıq və qeyri-müəyyənlik hökm sürür. Toplanma və kütlə şəklində yığılma məhdudiyyəti olduğundan komanda daha çox evdən və ya məsafədən işləyir və virtual ünsiyyət əsas vasitəyə çevrilir. Bu səbəbdən komandanı anlamaq, onları məlumatlı saxlamaq, onları narahat edən və qaranlıq qalan məqamları müzakirə etmək, irad və təklifləri dinləmək zəruridir. Pandemiya bitənə kimi “yeni normal” vəziyyətin necə olacağını proqnozlaşdırmaq, planlı şəkildə fəaliyyət göstərmək və idarəetmənin yeni qaydalarını qəbul etmək lazım gələcək. 

Turizm və qonaqpərvərlik sənayesinin böhranlı vəziyyətində turizm obyektlərinin qarşılaşdığı əsas problemlər:

i. Gəlir səviyyəsinin azalması, tam dayanması ilə nəticələnən işçilərin kütləvi ixtisarı

ii. Əmək haqqının və xüsusi imtiyazların işçilərə ödənilməsi qabiliyyətinin itirilməsi

iii. Nağdsız ödənişlər, köçürmələr, komissiyalar üçün tutulan rüsum/ödəmə faizlərinin yüksək olması (10-14%).

iv. İdxal rüsumu, gömrük rüsumu, əmlak vergisi, sığorta məbləği, gəlir vergisi, mənfəət vergisi, məşğul olmayan əhali üçün işsizlik fonduna ödəmələr, sosial müdafiə fonduna ödəmələr və s. kimi ödənişlər

v. Tam iş günü işləməsinə baxmayaraq vergitutma və əlavə rüsumlara görə VÖEN əsasında işçilərin 3-cü şirkət vasitəsi ilə işə cəlb edilməsi və ştatdan kənar lakin aylıq iş normasından artıq işlədilməsi. Nəticədə böhran yarandığı halda, heç bir öhdəlik, sığorta təminatı, məzuniyyət hüququ olmadığından ilk növbədə məhz həmin təbəqə işdən kənarlaşdırılır.

vi. Mövsümi fəaliyyət göstərən turizm obyektlərinə qeyri-mövsüm dövründə ödəniş və vergilərin tətbiqi

Qonaqpərvərlik sənayesi mikro səviyyədə deyil, makro - dövlət rəhbərliyinin diqqətindən kənarda saxlanılmayan səviyyədə idarə olunmalı və tədbirlər planı həyata keçirilməlidir. Pandemiya dövründə kiçik, orta və iri sahibkarlıq subyektlərinə iqtisadi və sosial dəstək paketi hazırlanmaqla yanaşı, əmək qabiliyyətli və ştatda olan işçi heyətinin hüquq və vəzifələrinin qorunması, azad olmaların qarşısının alınması, eləcə də qanunvericiliklə tənzimlənən qaydalarla əməl olunması təmin olunmalıdır. Uzunmüddətli faizsiz kreditlərin verilməsi, subsidiyaların həcminin artırılması, likvidliyin, insan resurslarının az ziyanla və az itki ilə idarə olunması, sosial paketlərin və təminatın yaradılması, iş yerlərinin qorunması və boşqalma dövründə müvəqqəti iş yeri ilə təmin olunması arzuolunandır.


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.