Qusarın tarixi

Qusar topominə ilk dəfə A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində də rast gəlinir. Əsərdə 1602-ci il baş verən hadisələrində Qusar kəndinin adı çəkilir. Lakin, Qusar adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.


Qusar rayonunun qədim yaşayış məskənlərindən biri olmasını  e.ə. II minillikdən mövcud olmasını alimlərin apardıqları tədqiqatlar, müxtəlif dövrlərdə aid tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir.

Rayon ərazisində xeyli sayda tarixi və mədəni abidələr mövcuddur. Rayonun Əniğ kəndi ərazisində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məscidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.

Qusarçayın sağ sahilində qədim Aniq (Anix, yaxud Enix) kəndində, rayon mərkəzindən 27 kilometr cənub-qərbdə, yerləşən “Mahalın Tacı” məscidi Hindistandakı Tac-Mahalla oxşarlığına görə bu adı alıb. Onun tikintisini Hindistanda olmuş, Tac-Mahalı görmüş və buna görə də öz vətənində bənzərini görmək istəmiş bir şəxsin sifariş verdiyi deyilir. Çiy kərpicdən tikilən məscidin 300 yaşı vardır. Məscid divarları üzərindəki naxışlar diqqəti cəlb edir, zamana meydan oxuyan naxışlar öz parlaq rəngini hələ də saxlayıb. Güman edilir ki, bunun sirri rəssamların istifadə etdiyi rənglərdə olan təbii, bitki tərkibli komponentlərdədir.