Qusar mətbəxi

Qusar mətbəxi Azərbaycanın özünəməxsusluğu ilə seçilən mətbəxlərindəndir. Bölgədə ləzgi xalqı yaşadığından ləzgilərin xalis Şərq qonaqpərvərliyinə şahid olacaq və mətbəxin yeməkləri dadacaqsınız. Bu bölgədə məxsusi ləzgi qutabı - “afar” bişirilir.


Azərbaycanın Qusar rayonunda yaşayan ləzgilər qədim və zəngin mətbəxi ilə seçilir. Qusar rayonunun hər kafesində siz piçekar, aluqu və ya şakuku sifariş verə bilərsiniz. 

Qoyun və ya mal ətindən hazırlanmış bu sulu yemək sizə xüsusi ləzgi sobasında (xərək və ya xar) bişirilmiş çörək – xran fu ilə təqdim olunacaq. Azərbaycan təndirini xatırladan dördkünc formada olur və  sobada təkcə çörək deyil, ləzgi mətbəxinin digər xəmir xörəkləri də bişirilir. Xərəkdə bişirilmiş çörək otaq temperaturunda 7, soyuducuda isə 15-20 gün və daha çox qala bilir. 

Bu bölgədə, həmçinin ləzgi qutabı – afar bişirilir. Adi göy qutabına bənzəyən afar xəmirdən nazik yuxa (lavaş) yayılmaqla, içinə həyətyanı sahədən və dağlardan yığılmış xırda göyərti, bərk pendir, şor qarışığı qoyulmaqla hazırlanır. Xərəkdə bişirilən afar fərqli dadı ilə seçilir.

Ləzgi mətbəxinin ən məşhur yeməyi olan skan da xərəkdə bişirilir. Yağda yoğurulmuş xəmirdən kündə kəsilir, yayılır, içinə yağda qızardılmış qiymə və xırda doğranmış kartof qoyulur. Üstünə bir qat lavaş əlavə olunur və xərəkdə bir saat bişirilir.  Skan içliyi  müxtəlif, o cümlədən pendir və toyuq əti ilə də ola bilər.