Bakının tarixi
Lerik tarixi
Arxeloji qazıntılar zamanı tapılmış daş dövrünə aid olan əşyalar Lerik rayonu qədim tarixə malik olduğunu göstərməkdədir. Lerik ərazisində yerləşən Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindən biridir.
Məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə XVIII-XIX əsrlərdən başlayaraq apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən bəhs etmişdir. O, yaruslu qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümunələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərində sərgilənir.
Leriki bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi abidələri məşhurlaşdırır. Rayonda Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. çoxsaylı tarixi abidələri günümüzədək qalmaqdadır.