Lerik mətbəxi

Cənub zonasının mətbəxinə daxil olan Lerik mətbəxi özünəməxsus və rəngarəngdir. Lerik mətbəxi deyəndə ağla ilk gələn isə ləvəngidir. Bu yeməyin özəlliyi odur ki, toyuq və ya balığın içinə qoz və digər ədviyyatlardan doldurulur.


Düyü yeməkləri - kişmişli plov, boranı plov, lərqə plov, paxla plov, kartof plov, südlü plov və digər plov növləri mətbəximizin əsasını təşkil edir. Ləvəngi, parça bozbaş, cücə çıxırtması, çoban bozartması, xəmir xörəkləri, kabablar, təndirdə bişirilmiş toyuq və balıq ləvəngisi, qoyun, keçi, hinduşka kababı və digər xörəklər də yüksək qiymətləndirilir. Lavaş, təndir çörəyi, göy qutabı, ət qutabı, şirniyyat növlərindən zerən, əyirdək, un və düyü halvası, mürəbbələrdən böyürtkən, heyva, armud, çiyələk, ərik, qızılgül mürəbbələri məxsusi qaydada hazırlanır.

Ayran aşı sevilən yeməkdir. Bu dovğaya bənzəsə də, müəyyən fərqləri var. Bunun üçün nehrədən qalan ayrana azca un vurulub düyü, noxud tökülür və bişirilir, bəzi yerlərdə  isə lobya, lərgə də əlavə edirlər. 

Bu zonada xüsusən yaz, yay aylarında göyərtidən hazırlanan yeməklər üstünlük təşkil edir. Meşəlik ərazidə də bağlarda bitən yabanı və digər göyərtilər toplanır,onlardan tərə, kətə kimi yeməklər bişirilir. Göy soğan, sarımsaq, yabanı nanə, kəklikotu mətbəxin əvəzedilməzləridir. Çöl heyvanlarından dovşan, kəklik ətindən istifadə edilir.